Xəbər-detayı

Xəbərlər Aqrar Sığorta Fondu meyvə bağına dəymiş zərər üzrə 321 min manat sığorta ödənişi edib

Aqrar Sığorta Fondu meyvə bağına dəymiş zərər üzrə 321 min manat sığorta ödənişi edib

28-Nov-2025
news_image

2025-ci ilin noyabr ayında Aqrar Sığorta Fondu tərəfindən ölkədə ilk dəfə olaraq meyvə bağlarında doludan keyfiyyət itkisi üzrə sığorta ödənişi həyata keçirilib

Tərtər rayonun Kəbirli kəndində yerləşən «Aqropat» MMC şirkətinə məxsus meyvə bağları 2025-ci ilin may ayında dolu yağması nəticəsində ciddi təsirə məruz qalıb. Qeyd edək ki, dolu nəticəsində yaranan keyfiyyət itkisi riski Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Aqrar sığorta Qaydaları"nda nəzərdə tutulur. Dolu nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi – dolunun vurduğu zədələr nəticəsində meyvənin qabıqlarının çapılması, qaralması, onun əmtəə görünüşünün korlanması, nəticədə faktiki olaraq satış imkanlarının və dəyərinin aşağı düşməsi deməkdir. Aqrar Sığorta Fondu tərəfindən aparılan hesablamalar əsasında təsərrüfata ümumilikdə 321 602 manat aqrar sığorta ödənişi təyin edilib. Qeyd edək ki, bu - indiyədək Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişi olmaqla yanaşı, ümumiyyətlə doludan keyfiyyət itkisi üzrə ilk ödənişdir. “Aqropat” MMC-nin baş aqronomu Asif Zeynalov bildirib: “Təsərrüfatımızın yerləşdiyə ərazinin iqlimi mürəkkəbdir. Sığortalanma ilə bağlı Aqrar Sığorta Fonduna müraciətimizin əsas məqsədi bağın şaxtavurmadan və dolu hadisəsindən qorunması idi. Nəticədə dolu hadisəsi baş versə də, aqrar sığorta təsərrüfatımızın zərərini qarşıladı. Biz bütün fermerləri aqrar sığortadan faydalanmağa, əkin sahələri və meyvə bağlarını sığortalamağa çağırırıq”. Ümumilikdə Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına 1,5 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu ödənişlərin məbləği sürətlə artmaqdadır və qarşıdakı dövrdə planlaşdırılan ödənişləri nəzərə aldıqda ilin sonunadək 2 milyon manatı keçəcək. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.