Xəbər-detayı

Xəbərlər Aqrar Sığorta Fondu Şabran və Siyəzəndə Aqrar Biznes Festivalında

Aqrar Sığorta Fondu Şabran və Siyəzəndə Aqrar Biznes Festivalında

25-Oct-2024
news_image

Aqrar Sığorta Fondunun nümayəndələri Şabran və Siyəzəndə keçirilən Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkalarında iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Şabran və Siyəzən rayonlarında növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib. Tədbirlərə əsasən Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan fermerlər qatılıblar. Şabran Aqro Turizm Mərkəzinin ərazisində keçirilən festivalda kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar, müxtəlif növ bitki sortlarının sertifikatlı toxumları nümayiş olunub. Siyəzən rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən keçirilən Aqrar Biznes Festivalında toxum sərgi-satış yarmarkası və kredit yarmarkası təşkil olunub. Festivallarda Aqrar Sığorta Fondunun nümayəndələri də iştirak ediblər, yerli fermerləri aqrar sığortanın üstünlükləri, sığorta şərtləri barədə məlumatlandırıblar. Ən böyük meyvəçilik və tərəvəzçilik rayonlarından olan Şabran və Siyəzəndə fermerlər daha çox ting və ağac sığortasının şərtləri, bitkiçilik sığortasında təminat verilən təbiət hadisələri, aqrar risklər barədə maraqlanıblar. Heyvandarlıqla məşğul olan fermerlərə xırda və iribuynuzlu heyvan sığortasının üstünlükləri, bu sahədə regiona xas olan heyvan xəstəlikləri və risklərdən aqrar sığorta ilə qorunmağın mümkünlüyü, həmçinin sığorta haqlarının 50%-inin dövlət tərəfindən qarşılanması barədə məlumat verilib. Aqrar Sığorta Fondunun əməkdaşları payızlıq əkinlərdə sığorta mövsümünün başladığını xatırladaraq fermerləri dövlətin yaratdığı güzəştli sığorta imkanından istifadə etməyə və təsərrüfatlarını sığortalayaraq risklərdən qorunmağa çağırıblar. Həmçinin ilboyu davam edən heyvandarlıq, ağac və ting sığortası imkanından faydalanaraq yeni salınan təsərrüfatları risklərdən qorumaqla bağlı fermerlərə müraciət olunub. Fermerlər tərəfindən maraqla qarşılanan festivalda fikir və təcrübə mübadiləsi aparılıb, onları maraqlandıran mövzular üzrə məsləhət və tövsiyələr verilib. Qeyd edək ki, 2024-cü il payızlıq əkinlər mövsümü ərəfəsində Şəki, Oğuz, Ağsu, Zərdab, Goranboy, Tərtər, Masallı, Neftçala, Balakən, Qax, Naxçıvan, Şərur və Şabran rayonlarında toxum sərgi-satış yarmarkaları keçirilib.