Xəbər-detayı

Xəbərlər Aqrar sığorta ekspertləri üçün növbəti təlimlər keçirilib

Aqrar sığorta ekspertləri üçün növbəti təlimlər keçirilib

02-Dec-2024
news_image

Aqrar Sığorta Fondu tərəfindən təşkil edilmiş müstəqil aqrar sığorta ekspertləri üçün təlimlər başa çatıb.

Təlimlərdə ölkənin müxtəlif regionlarından 32 namizəd iştirak edib. Azərbaycanda əkin sahələrini və təsərrüfatların zərərlərini qarşılayan dövlət aqrar sığorta mexanizminin fəaliyyətində müstəqil aqrar sığorta ekspertləri mühüm rola malikdir. Həm sığorta müqaviləsinin bağlanması, həm də təsərrüfata dəyən zərərin dəqiq hesablanması üçün müstəqil aqrar sığorta ekspertlərinin rəyi vacib sənəd hesab olunur. Bu ehtiyacları qarşılamaq məqsədilə Aqrar Sığorta Fondu tərəfindən mütəmadi olaraq çoxsaylı aqronom, baytar və sair yaxın ixtisaslar üzrə mütəxəssislər təlimlərə cəlb edilir. Kənd təsərrüfatı və təbiət fənnləri üzrə 70-dən artıq ixtisasın məzunları üçün təşkil olunan təlimlər həm onlayn, həm də əyani şəkildə keçirilib. Təlimlərdə aqrar sığorta mexanizmi, onun əhatə etdiyi risklər və məhsullar barədə geniş məlumat verilib. Namizədlər əkin sahələri və heyvandarlıq təsərrüfatı üzrə risklər, meyvə bağları, taxıl sahələri, heyvandarlıq təsərrüfatlarına dəymiş zərərlərin səbəbinin araşdırılması, zərərin məbləğinin hesablanması üzrə zəruri biliklər əldə ediblər. Eyni zamanda iştirakçılara müstəqil ekspert rəylərinin hazırlanması, Aqrar Sığorta İnformasiya Sistemi ilə işləmək, sığortalanan məhsullar üzrə təlim keçilib. Bitkiçilik üzrə ekspertlər üçün «Agro Dairy» şirkətinin əkin sahələrində praktik sahə təlimləri də təşkil olunub. Təlimləri başa vurmuş namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda iştirak etdikdən sonra müvafiq sertifikat alaraq fəaliyyətə başlaya biləcəklər. Qeyd edək ki, bu il Aqrar Sığorta Fondu tərəfindən keçirilən yeni ekspertlərin hazırlanması üzrə təlimlərdə ümumilikdə 180-dən artıq namizəd iştirak edib. Ekspertlərin hazırlanması üçün təlimlər davam edəcək.