Xəbər-detayı

Xəbərlər Aqrar Sığorta Fondunun nümayəndə heyəti Türkiyədə səfərdə olub

Aqrar Sığorta Fondunun nümayəndə heyəti Türkiyədə səfərdə olub

04-Dec-2024
news_image

Noyabrın 24-28-də Aqrar Sığorta Fondunun nümayəndə heyəti Türkiyənin Tarım Sığortaları Sistemi (TARSİM) təşkilatının dəvəti ilə Türkiyədə səfərdə olub.

Səfərin məqsədi aqrar sığorta, müxtəlif sahələrdə və məhsullarda aqrar sığortanın tətbiqi, Çağrı Mərkəzinin fəaliyyəti, fermer müraciətlərinin cavablandırılması, sığorta zərfinə yeni sığorta risklərinin əlavə edilməsi, bölgələrdə fəaliyyətlə bağlı Türkiyə təcrübəsinin öyrənilməsi və tətbiqi olub. Türkiyədə TARSİM rəhbərliyi və onun ayrı-ayrı qurumlarında keçirilən görüşlərdə bitkiçilik və heyvandarlıq sığortasında yeniliklər, sığorta zərfinə yeni risklərin əlavə edilməsi, sığorta zərfləri üzrə tariflərin hesablanması, Çağrı mərkəzinin və filialların fəaliyyəti, müştəri xidmətləri, TARSİM-in bölgə müdirliklərinin (filiallarının) fəaliyyəti, fermerlərlə yerlərdə keçirilən görüşlər, ictimaiyyətlə əlaqələr və sair məsələlərlə bağlı Türkiyənin təcrübəsinin öyrənilməsi müzakirə edilib. Səfər zamanı arıçılıq və quşçuluq təsərrüfatlarının sığortalanması ilə bağlı Türkiyə tərəfinin təcrübəsinin öyrənilməsi üçün görüşlər keçirilib, qardaş ölkədə bu təsərrüatların sığortalanması şərtləri və bununla bağlı tələblər üzrə fikir mübadiləsi aparılıb. Səfər zamanı keçirilən görüşlərdə TARSİM-in Bitkiçilik məhsullarının sığortası müdirliyinin Zərər müdiri Fevziye Kayili, Heyvandarlıq məhsullarının sığortası müdirliyinin Risk müdiri Elif Yüce, Heyvandarlıq məhsullarının sığortası müdirliyinin Zərər müdiri Ümit Dalan, Qurumlar və ictimaiyyətlə əlaqələr və müştəri xidmətləri şöbəsinin rəhbəri Meliz Tezcan Gürpınar, Xarici əlaqələr və təkrarsığorta müdirliyinin müdir müavini Bahar Demir Kimyo, aktuari Evrim Tokay, TARSİM-in satınalmalarının rəhbəri Uğur Edoğan, eləcə də TARSİM-in Bursa Bölge Müdürü Mustafa Değerlə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb. Aqrar Sığorta Fondunun nümayəndələri TARSİM bölgə filiallarının fəaliyyəti ilə tanış olmaq üçün Türkiyənin Bursa bölgəsinə səfər edib, Osmanqazi ilçəsində, Karapalçıq məhəlləsində fermerlərlə görüşdə iştirak ediblər. Görüşdə fermerlərin müraciətləri dinlənilib, onlara Azərbaycanda aqrar sığopta təcrübəsi haqqında ətraflı məlumat verilib, kənd təsərrüfatının müxtəlif sahələrində baş verən hadisələr və sığorta riskləri haqqında fikir mübadiləsi aparılıb. Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 48 bitki məhsulunu sığortalamağa imkan verir, buraya taxıl və texniki bitkilər, bostan bitkiləri və meyvə bağları aiddir. Aqrar Sığorta Fondu ölkədə əkilən demək olar ki, bütün meyvə bitkilərini sığortalayır. Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.