Geniş ixrac və emal imkanları, eyni zamanda son illər soyuducu anbarların artması ilə ilboyu daxili bazarda tələbat pomidor bitkisinin ölkə ərazisində əkinlərinin artmasına səbəb olur. 2024-cü ildə Azərbaycanda 14 852,3 hektar ərazidə pomidor yetişdirilib, ümumilikdə istehsal həcmi 328131 ton təşkil edib. Pomidor sahələri əsasən Quba-Xaçmaz (3747,6 ha), Lənkəran-Astara (2197,8 ha), Mil-Muğan (1530,5 ha), Mərkəzi Aran (1478 ha) və Şirvan-Salyan (1414,5 ha) iqtisadi rayonlarında yerləşir. Öz məhsulunu və qazancını iqlim dəyişikliklərinin yaratdığı fəsadlardan, qeyri-sabit hava şərtlərindən, həmçinin təsərrüfatlara vəhşi heyvan (quş) hücumu, 3-cü şəxslərin hərəkəti nəticəsində dəyən zərərdən qorumaq istəyən fermer və sahibkarlar Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə müraciət etməklə təsərrüfatlarını sığortalaya bilərlər. Sığorta haqqı təsərrüfatın yerləşdiyi əraziyə, məhsuldarlığa, seçilən sığorta zərfinə görə dəyişir və ödəniləcək məbləğin yarısı dövlət tərəfindən qarşılanır. Məsələn, Quba-Xaçmaz iqtisadi rayonunda 1000 manatlıq pomidor məhsulunun sığorta haqqı 23,6 manat təşkil edir, fermer təxminən 12 manat ödəməklə məhsulunu sığortalaya bilər. Müxtəlif bölgələrdə aqrar risklər fərqli olduğundan, ərazidən asılı olaraq bu məbləğ dəyişə bilər. Fermerlər ödəyəcəkləri sığorta haqqını Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi vebsaytındakı “Sığorta kalkulyatorları” bölməsindən məhsulu, ərazini, məhsuldarlığı göstərməklə özləri hesablaya bilərlər. Aqrar Sığorta Fondu fermerləri məhsullarını vaxtında risklərdən sığortalamağa və gəlirlərini qorumağa çağırır.