Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Aqrar Sığorta Fondu tərəfindən Naxçıvanda ilk dəfə olaraq müstəqil aqrar sığorta eksperti olmaq istəyən mütəxəssislər üçün təlimlər keçirilib. Xatırladaq ki, müstəqil aqrar sığorta ekspertləri aqrar sığorta mexanizmində mühüm yer tutur. Ekspertlər sığortalanmaq üçün müraciət etmiş təsərrüfatlara baxış keçirir, onların sığortaya yararlı olub-olmaması haqqında rəy verir. Eləcə də, hadisə baş verən əkin sahələri və təsərrüfatlarda zərərin səbəbini müəyyən etmək və dəymiş zərəri hesablamaq da aqrar sığorta ekspertlərinin fəaliyyətinə aiddir. Təsərrüfatların sığortalanması və hadisə baş verdikdə dəymiş zərərin ödənişi aqrar sığorta ekspertinin rəyi əsasında həyata keçirilir. Aqrar sığorta eksperti xidməti ödənişlidir və Aqrar Sığorta Fondu ilə bağlanmış müqavilə əsasında bu şəxslərə xidmət haqqı, yol pulu və ehtiyac olduqda mehmanxana xərcləri ödənilir. Nəticədə aqrar sığorta ekspertləri kifayət qədər yüksək gəlir əldə edirlər. Naxçıvan Muxtar Respublikasında da aqrar sığorta mexanizminin fəaliyyətinin təmin edilməsi üçün yerli aqrar sığorta ekspertlərinin hazırlanmasına başlanılıb. Mart ayının 11-14-ü tarixlərində Aqrar Sığorta Fondunun mütəxəssisləri tərəfindən Naxçıvan MR-da ilk dəfə olaraq ekspert təlimləri həyata keçirilib. Burada ekspert olmaq istəyən namizədlərə təsərrüfatların sığortaya yararlı olub-olmamasının müəyyən edilməsi, sığorta hadisələrinin araşdırılması, zərərin hesbalanması, bu zaman diqqət yetirilməli olan məqamlar, ekspert rəyinin hazırlanması və sair mövzularda biliklər verilib. Təlimdən keçən namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda iştirak edəçəklər. İmtahandan keçmiş namizədlərə aqrar sığorta eksperti sertifikatı verilir və onlar Azərbaycan Mərkəzi Bankında müvafiq reyestrə daxil edilirlər. Qeyd edək ki, qanunvericiliyə əsasən, müstəqil aqrar sığota ekspertləri bu fəaliyyətlə əsas iş yerlərini itirmədən də məşğul ola bilərlər. Naxçıvanda müstəqil aqrar sığorta ekspertlərinin hazırlanması muxtar respublikada aqrar sahədə baş verən hadisələrin vaxtında araşdırılması və sığorta ödənişinin həyata keçirilməsi ilə yanaşı, yerli aqrar mütəxəssislərin də yüksək gəlir əldə etməsinə imkan yaradacaq.