Xəbər-detayı

Xəbərlər Azərbaycanda çiyələk əkinlərinin aqrar sığortası başlayır

Azərbaycanda çiyələk əkinlərinin aqrar sığortası başlayır

04-Apr-2025
news_image

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta vasitəsilə meyvə bağları və giləmeyvə əkinlərinin sığortalanması prosesi davam edir.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta vasitəsilə meyvə bağları və giləmeyvə əkinlərinin sığortalanması prosesi davam edir. Aqrar sığortanın əhatə etdiyi 41 bitkidən biri də çiyələkdir. Çiyələk – iqlim şəraiti və bitkinin xüsusiyyətlərinə görə Azərbaycanın bir sıra bölgələrində ən çox yetişdirilən giləmeyvədir. Adətən cənub bölgəsinin günəşli ərazilərində becərilən çiyələk son illər digər bölgələrdə də əkilməyə başlayıb. Rəsmi məlumatlara görə, ölkədə 4 256 hektar çiyələk və digər giləmeyvə əkinləri mövcuddur. Bu əkinlərin əksəriyyəti - təqribən 4 min hektarı artıq bar verir. Çiyələk əkinləri hər il artır, 2023-cü ildə 313 hektar, 2024-cü ildə isə 221 hektar yeni çiyələk bağı salınıb. Çiyələk əsasən ölkənin cənub bölgələrində əkilir – ən çox əkin sahələri Cəlilabad (600 hektar), Lənkəran (360 hektar), Masallı (300 hektar), eləcə də Şəmkir (300 hektar) rayonları ərazisindədir. Ümumilikdə təkcə cənub bölgəsində 1500 hektara yaxın çiyələk əkini mövcuddur. Quba-Xaçmaz və Qazax-Tovuz regionlarında da 400 hektardan artıq çiyələk sahəsi salınıb. Çiyələk bağlarında orta məhsuldarlıq hektardan təqribən 10 ton təşkil edir. Ən böyük məhsuldarlıq isə Cəlilabadda müşahidə edilir – hektardan 32 tona yaxın. Çiyələyin əkini və yetişdiyi dövr ilin mürəkkəb iqlim şəraitinə təsadüf edir. Yaz ayları çoxsaylı təbiət hadisələri ilə zəngindir, təsadüfi deyil ki, iqlimi nisbətən sakit olan cənub bölgəsində də yaz aylarında baş verən güclü yağışlar və sel-subasma çiyələk sahələrinə zərər vurur, fermerləri ziyana salır. Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çiyələk əkinlərini çoxsaylı risklərdən – dolu, doludan keyfiyyəti itkisi, fırtına, qasırğa, sel-subasma, 3-cü şəxslərin hərəkəti, vəhşi heyvanların hücumu və sair hadisələr aiddir. Çiyələk sahələrinin sığortasına 50%-lik dövlət dəstəyi sayəsində bu sahədə fəaliyyət göstərən fermerlər əkinlərini sərfəli şərtlərlə cüzi ödəniş etməklə sığorta edə bilərlər. Belə ki, 1000 manatlıq çiyələk məhsulunun sığortalanması fermerlərə Lənkəran-Astara regionunda 14,7 manata, Mərkəzi Aran regionunda 14,2 manata, Qazax-Tovuz regionunda 30,7 manata, Quba-Xaçmaz regionunda isə 16 manata başa gəlir. Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən ( www.asf.gov.az ), eləcə də 1651 Çağrı mərkəzinə müraciət etməklə almaq mümkündür.